İtaliyalı məşhur pop müğənnisi və bəstəkar Toto Kutunyo vəfat edib
Roma, 22 avqust, AZƏRTAC
Dünyaşöhrətli italiyalı musiqiçi, pop müğənnisi və bəstəkar Toto Kutunyo 80 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir davam edən xəstəliyinin ağırlaşması səbəbindən Milan şəhərindəki San Raffaele hospitalına yerləşdirilən Toto Kutunyo avqustun 22-də dünyasını dəyişib.
İtaliyanın ən sevilən müğənnilərindən biri olan və dünyada italyan musiqisinin simvolu sayılan Toto Kutunyo 1983-cü ildə eyni adlı albomundakı “L'Italiano” adlı hit mahnısı ilə dünya miqyasında şöhrət qazanıb. Toto Kutunyo həm sözlərini, həm də musiqisini yazdığı “Insieme: 1992” mahnısı ilə 1990-cı ildə Zaqreb şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub, Sanremo musiqi festivalında 15 dəfə iştirak edib, karyerası ərzində bir çox sənətçi üçün hit mahnılar bəstələyib. O, 2013-cü ildə Bakı səhnəsində də çıxış edib.
Toto Kutunyonun dəfn mərasimi avqustun 24-də Milanda keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma