İtaliyanın “Opinione Pubblica” qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır
Bakı, 14 aprel, AZƏRTAC
İtaliyanın “Opinione Pubblica” qəzetinin internet səhifəsində tədqiqatçı-jurnalist Filippo Bovonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi yerləşdirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə jurnalist Dağlıq Qarabağ münaqişəsini Ermənistanın “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün başlatdığını qeyd edib. Bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü bildirib.
Ermənistanın xristian həmrəyliyinə nail olmaq üçün münaqişəni beynəlxalq ictimaiyyətə dini kontekstdə təqdim etməsinin yanlış olduğunu vurğulayan müəllif rəsmi İrəvanın demək olar ki, bütün qonşu dövlətlərə, hətta Gürcüstana belə torpaq iddialarının olduğunu bildirib.
Müəllif münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq sənədlərdə ölkəmizin ərazi bütövlüyünün tanındığını və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına dair tələbin əks olunduğunu vurğulayıb.
Məqalədə son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya parlamenti üzvlərinin Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişə ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyinə çağıran bəyanatlarına geniş yer verilib.
Müəllif İtaliyanın ATƏT-in Minsk qrupunun ilk sədri kimi münaqişənin həlli ilə bağlı danışıqlara cəlb edilməsi və məhz həmin dövrdə problemin həlli kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması fikrini irəli sürməsini xatırladıb. Rəsmi Romanın bu gün də danışıqlar prosesinə daha fəal töhfə verməli olduğunu bildirib. Məqalədə İtaliyanın regionda davamlı sülhə nail olunmasına yardım göstərməsi Azərbaycanın İtaliya üçün strateji əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul edilmiş strateji tərəfdaşlığa dair bəyanatın əlaqələrin möhkəmlənməsinə təkan verdiyi diqqətə çatdırılıb.
Azərbaycanın İtaliya üçün iqtisadi önəmindən yazan müəllif ölkəmizin Cənubi Qafqazın ümumi daxili məhsulunun 75 faizini istehsal etdiyi, regionda beynəlxalq əhəmiyyətli neft, qaz və dəmir yolu layihələrini həyata keçirən əsas ölkə olduğunu vurğulayıb. Məqalədə “Cənubi Qaz Dəhlizi” layihəsinin önəmindən də bəhs edilib.
Müəllif Azərbaycanın İtaliya üçün enerji kontekstində əhəmiyyətli olması ilə yanaşı, ölkəmizdə çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini də vurğulayıb.