KAĞIZ AVİABİLETLƏRİN ELEKTRON KART-BİLETLƏRLƏ ƏVƏZ OLUNMASI GÖZLƏNİR
Bu yenilik barədə “Frankfurter Rundschau” qəzetinə məlumat verən Beynəlxalq Mülki Hava Yolları Assosiasiyasının (İATA) baş direktoru Covanni Bizinyanı bildirmişdir ki, aviasiya daşımalarında elektron kart-biletlərinin tətbiqi sərnişinlərin rahatlığı və sərnişin daşımalarını avtomatlaşdırmaqla konsernlərin gəlir rentabelliyinin artırılması sahəsində böyük rol oynayacaqdır. Onun sözlərinə görə, indiyədək tətbiq olunan kağız biletlərin hazırlanmasına milyon tonlarla kağız, əmək və pul sərf edilirdi. Kağız israfçılığı hava yolları konsernlərini maddi itki ilə üzləşdirir, sərnişin daşımaları iş prosesinin fəaliyyət ahəngini ləngidirdi.
İndi bilet əldə etmək üçün daha kassalara getmək lazım olmayacaqdır. Sərnişin aeroport və yaxud xüsusi servis xidməti büroları ilə telefon əlaqəsi saxlamaqla istədiyi bileti sifariş edə biləcəkdir. Uçuş barədə məlumatlar sərnişinin telefon ünvanında təsdiqlənəcəkdir. Sərnişinə uçuş günü yalnız şəxsi pasportunu və pul-kredit kartını götürərək təyyarəyə daxil olması lazım gələcəkdir.
Ekspertlərin hesablamalarına görə, sərnişin daşımalarının bu növ standartlaşdırılması mülki hava yolları konsernlərinin fəaliyyətini asanlaşdırmaqla faydalı iş əmsalını və bütövlükdə mədaxilini xeyli artıracaqdır.