Kamil Əliyev: Azərbaycanda daha keyfiyyətli və müasir mənzillərə tələbat yüksəkdir
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən mənzil layihələri şəhərsalma və investisiya baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilan, Şuşa və ümumilikdə Qarabağ bölgəsində müxtəlif mənzil layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən müzakirələrdə “PMD Group LLC” şirkətinin nümayəndəsi, Vaşinqton Universitetinin daşınmaz əmlakın inkişafı üzrə eksperti Kamil Əliyev səsləndirib.
Kamil Əliyev bildirib ki, uzunmüddətli və dayanıqlı inkişafın təmin olunması üçün proqnozlaşdırıla bilən biznes mühiti, sabit tənzimləmə mexanizmləri, etibarlı infrastruktur və davamlı maliyyələşdirmə əsas şərtlər hesab olunur.
Çıxış zamanı Azərbaycanda daha keyfiyyətli və müasir mənzillərə tələbatın yüksək olduğu diqqətə çatdırılıb. “Mənzil məsələsinə yalnız sosial aspektdən yanaşmaq kifayət deyil. Mənzillərin maliyyə baxımından əlçatan olması ilə yanaşı, investisiya üçün cəlbedici və uzunmüddətli aktiv kimi dəyər daşıması da vacibdir”, - deyə K.Əliyev vurğulayıb.
Kamil Əliyev əlavə edib ki, dövlət və özəl sektor arasında əməkdaşlıq layihələrin risklərini azaltmağa, onların daha təhlükəsiz, dayanıqlı və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.