Kamilə Muradova: Ailəmlə doğma torpağıma qayıtmağın sevincini yaşayıram VİDEO
Zəngilan, 19 iyul, Elmir Səftərov, AZƏRTAC
Doğulub boya-başa çatdığım Ağalı kəndini uzun illərdən sonra yenidən görmək fərqli duyğulardır. Allaha şükür edirəm ki, bu günü mənə nəsib etdi. Çünki torpaq həsrəti ilə dünyadan köçən o qədər doğmalarım oldu ki, ömrün mənə də vəfa etməyəcəyini düşünürdüm. Ailəmlə doğma torpağıma qayıtmağın sevincini yaşayıram. Övladlarım, nəvələrim də gəliblər. Ona da sevinirəm ki, nəvələrim doğma torpağımızı öz gözləri ilə görəcək, burada yaşayacaqlar. Son nəfəsimə qədər onlara yurd-yuvamızın qədrini bilməyi öyrədəcək, bu torpaqların neçə-neçə qəhrəmanın canı-qanı bahasına azad edildiyini aşılayacaq, onları vətənpərvər ruhda böyüdəcəyəm. Bu, hər birimizin şəhidlərimizə vəfa borcumuzdur.
Bunu AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Kamilə Muradova deyib.
Ağalı kənd sakini yaradılan şəraitə və Böyük Qayıdışın ilk sakinləri olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Şəhidlərimizə, qazilərimizə nə qədər təşəkkür etsək, azdır. Onların haqlarını ödəyə bilmərik. Şəhidlərimizin ruhu, onları yetişdirən anaların qarşısında bir ana kimi baş əyirəm”, - deyə K.Muradova qeyd edib.