ELM VƏ TƏHSİL
Kamran İmanov: Qalıq yanacaqların tədricən ləğvi texnologiyaların səmərəliliyi üçün ilkin şərtdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün atmosferdə olan CO₂ konsentrasiyaları, 1750-ci ildə olandan təxminən 50 faiz yüksəkdir ki, bu da ən azı son 800000 ildə baş vermiş təbii dəyişikliklərdən daha da üstündür.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.
Kamran İmanov, eyni zamanda, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nikbin baxış yaydığını qeyd edib və qurumun “Yaşıl kitab”ından bu fikri sitat gətirib: “2030-cu il iqlim hədəflərinə çatmaq üçün ehtiyacımız olan texnologiyaların 80 faizi (daha çoxu yeni yaranmaqla) artıq bazardadır. Hökumətlər və şəhərlər iqlimin azaldılması texnologiyalarını sürətlə inkişaf etdirməli və miqyasını genişləndirməlidirlər. Bununla belə, indi texnologiya seçimi hər zamankından daha vacibdir. Sadəcə olaraq mövcud sistemləri optimallaşdırmaq iqlim məqsədlərinə çatmaq üçün kifayət etməyəcək”.
Agentlik rəhbərinin sözlərinə görə, əsas odur ki, iqlim problemlərinin həllində tətbiq edilən texnologiyalar qalıq yanacaqdan imtina etmədən səmərəsizdir. Qalıq yanacaqların tədricən ləğvi həmin texnologiyaların səmərəliliyi üçün tək bir stimul deyil, həm də ilkin şərtdir.