Kamran Yunis: Kitaba sevgi ailədən başlayır
Bakı, 25 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisinin keçirilməsi təqdirəlayiq təşəbbüsdür. Sərgiyə göstərilən böyük maraq məni çox sevindirdi. Bu, kitabın öz dəyərini və aktuallığını itirmədiyini, insanların mütaliəyə marağının davam etdiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında kinoaktyor, bədii qiraət ustası Kamran Yunis söyləyib.
Onun sözlərinə görə, cəmiyyətdə kitaba marağın daha da artırılması üçün ilk növbədə ailələrdə mütaliə mədəniyyəti formalaşdırılmalıdır.
“Valideynlər kitab oxumalı olmalıdırlar. Çünki uşağın ilk tərbiyə və təhsil aldığı mühit ailədir. Əgər valideynlər kitaba, elmə və biliyə dəyər verməsələr, evdə mütaliəyə maraq olmasa, böyüməkdə olan nəslin kitaba sevgi ilə yanaşmasını gözləmək çətindir”, – deyə o bildirib.
Kamran Yunis vurğulayıb ki, uşaqlar ilk növbədə valideynlərindən nümunə götürürlər. Ailədə hansı dəyərlərə üstünlük verilirsə, övladlar da həmin mühitdə formalaşırlar. Bu baxımdan hər bir ailədə mütaliəyə, ədəbiyyata, teatra, mədəniyyətə və incəsənətə xüsusi önəm verilməlidir.