KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN YAXŞI İMKANLAR VAR
İsmət Abasov müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 99,7 faizi özəl bölmənin payına düşür.
Son üç ildə Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı imzalanmış sənədləri diqqətə çatdıran nazir, ölkə başçısının kənd təsərrüfatının inkişafı istiqamətində xarici dövlətlərin təcrübəsindən istifadə edilməsinə, bu sahədə əlaqələrin yaradılmasına böyük əhəmiyyət verdiyini bildirmişdir. İsmət Abasov demişdir ki, Azərbaycan və Mərakeş arasında aqrar sahədə də əməkdaşlıq üçün böyük imkanlar vardır. Məsələn, Mərakeşin fosfat gübrələri istehsalında təcrübəsini nəzərə alaraq, biz Sumqayıtdakı Superfosfat zavodunun modernləşdirilməsində əməkdaşlıq edə bilərik.
Mohand Lansar ölkəsində Azərbaycana böyük maraq göstərildiyini vurğulamış, qarşılıqlı əlaqələrin inkişafında mövcud imkanlardan səmərəli istifadə edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirmişdir. Mərakeşdə aqrar sahənin vəziyyəti barədə ətraflı məlumat verən qonaq əlaqələrin inkişafı üçün eskpert qrupunun yaradılmasını təklif etmiş, Azərbaycan mütəxəssislərini tanışlıq üçün ölkəsinə dəvət etmişdir. O, Mərakeşdə dənli bitkilərə ehtiyac duyulduğunu, onları Azərbaycandan idxal etməyə hazır olduqlarını da bildirmişdir.
İsmət Abasov səmərəli əməkdaşlıq əlaqələri qurulması üçün müvafiq sənədlərin imzalanmasının vacibliyini söyləmişdir.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunmuşdur.