“Kitabi-Dədə Qorqud”un mifoloji kodu - “Dəli şamanın körpüsündə can savaşı”
Bakı, 22 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu seriyasından VI kitabı – “Dəli şamanın körpüsündə can savaşı” adlı monoqrafiyası çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud” eposunun “Dəli Domrul” boyu keçid-inisiasiya ritualları, şamanlıq və dəlilik semantemləri kontekstində araşdırılır. Müəllifin əsas tədqiqat tezisinə görə, “Dədə Qorqud” dastanının mətnləri keçid-inisiasiya ritualları ilə bağlıdır. Bu yanaşmaya əsasən, “Dəli Domrul” boyunun qəhrəmanı Domrul digər oğuz qəhrəmanlarından fərqli olaraq, “bəyolma” deyil, “şamanolma” inisiasiya ritualının subyekti kimi təqdim edilir.
Kitab giriş, dörd bölmə, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Tədqiqatın nəticələrinə görə, “dəli” semantemi “Dəli Domrul” boyunun və bütövlükdə “Dədə Qorqud” eposunun semantik strukturunun əsas açarlarından biridir. Müəllif boyun ümumi süjetinin “Şaman Domrul” və “Dəli Domrul” adlı iki süjetdən təşkil olunduğunu əsaslandırır. Bu iki süjet arasındakı keçid Əzrayılın Domrulu öldürməsi hadisəsi ilə əlaqələndirilir. Alimin yanaşmasına görə, Əzrayılın Dəli Domrulla birgə can axtarışına çıxması Domrulun ritual müstəvidə ölümünü ifadə edir. Monoqrafiyada epos mətninin yalnız hadisələrin ardıcıllığı əsasında deyil, həm də paralel və bir-birini tamamlayan məna qatları üzrə öyrənilməsinin vacibliyi vurğulanır. Müəllif mətnin mifoloji düşüncəyə uyğun qapalı və təkrarlanan quruluşa malik olduğunu irəli sürərək onun həm sintaqmatik, həm də paradiqmatik istiqamətdə təhlilini metodoloji yanaşma kimi təqdim edir.
Qeyd edək ki, “Dəli şamanın körpüsündə can savaşı” Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposuna həsr etdiyi tədqiqatlar silsiləsinin VI kitabıdır. Seriyanın əvvəlki nəşrlərində qəhrəmanın ölüb-dirilməsi, dastanın Alp Aruz variantının bərpası, şaman-qəhrəmanın Xaos dünyasına yolçuluğu, Salur Qazanın Təpəgözü öldürməsi, Oğuz mifinin süqutu və Salur Qazan mifinin transformasiyası məsələləri araşdırılıb.
Yeni monoqrafiya “Kitabi-Dədə Qorqud”un mifoloji-semantik strukturunun, şamanlıq ənənələrinin və inisiasiya motivlərinin öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.
Müxbir – Tünzalə Arazlı