Kiyevdə “Xocalı harayı” adlı rəsm sərgisi açılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Kiyevin “ART Qalereya” sərgi salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət “Xocalı harayı” adlı rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, martın 2-dək davam edəcək sərgi İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.
Gənc rəssamın Xocalı harayı mövzusunda çəkdiyi 26 rəsm əsərində ermənilərin Xocalıda uşaqlara, qadınlara, qocalara qarşı həyata keçirtdikləri bəşəri cinayət əksini tapmış, avanqard cizgilərlə düşmənin vəhşilik obrazını özündə əks etdirmişdir. Rəssam əsərlərində zülmətdən işığa yol açan Xeyirin şər üzərində qələbə çalacağı barədə fəlsəfi düşüncələrini çatdırmağa çalışmışdır.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mədəniyyət və informasiya departamentinin rəhbəri İlhamə Allahverdiyeva, Milli Məclisin deputatı Musa Qasımlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər çıxış edənlər erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında sərgilərin nümayiş etdirilməsinin müstəsna əhəmiyyət daşıdığını bildirmişlər.
Çıxış edənlər ermənilərin xalqımıza qarşı həyata keçirtdikləri işğalçılıq və etnik təmizləmə siyasətinə, Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirmişlər.
Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacağı bildirmişdir.
######
