ELM VƏ TƏHSİL
Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması haqqında seminar
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və UNEC-in Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması” mövzusunda onlayn seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarın moderatoru UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyev mövzunun aktuallığını vurğulayaraq, gənc alimlərin, doktorantların və tədqiqatçıların akademik fəaliyyət zamanı tədqiqatlarında statistik modellərin qurulmasının əhəmiyyətindən danışıb.
Sonra Mərkəzin tədqiqatçısı, Türkiyənin İstanbul Universitetinin doktorantı Həsrəddin Quliyev statistik modellərin biznes problemlərinin həllində istifadəsinin önəminə diqqət çəkərək, ən çox istifadə olunun klassifikasiya modelləri haqqında məruzə ilə çıxış edib.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzu ilə bağlı maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi sualları cavablandırıb.