KOBİA sədri: Bu gün sahibkarların sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil
Bakı, 13 dekabr, AZƏRTAC
Bu gün sahibkarların sığorta vərdişləri və sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov ASA-nın icraçı direktoru Elmar Mirsalayev ilə görüşündə deyib.
Görüşün əsas mövzusu sahibkarlar arasında sığorta maarifləndirməsinin aparılması və biznes subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi olub. ASA-nın icraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında geniş məlumat verərək, sektorun inkişafı məqsədilə həyata keçirilən layihələrdən danışıb. İcraçı direktor sığorta sektorunun bu gün maliyyə sisteminin inkişafında oynadığı mühüm rola, o cümlədən sığorta sektorunun mövcud davamlı inkişaf dinamikasına da toxunub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sığorta xidmətlərinin ümumi iqtisadi inkişaf üçün əhəmiyyətindən söz açıb. Sədr qeyd edib ki, sahibkarlıq obyektləri müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində zərərlərlə üzləşsələr də, bu gün sahibkarların sığorta vərdişləri və sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil. Bu boşluğun aradan qaldırılması məqsədilə sığortaçılarla sahibkarlar arasında körpünün yaradılmasına ehtiyac var.
Görüşdə tərəflər arasında ölkədə mövcud olan sahibkarlıq subyektlərinin sığorta ilə bağlı maarifləndirilməsi, sığortaya əlçatanlıqlarının artırılması üçün birgə əməkdaşlıq məqsədilə razılıq əldə olunub. Bu məqsədlə növbəti mərhələdə paytaxtda və regionlarda fəaliyyət göstərən sahibkarlarla sığortaçıların silsilə görüşlərinin təşkili planlaşdırılıb.