SİYASƏT
KÖLNDƏ AZƏRBAYCAN QADINLARI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLƏCƏKDİR
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 20-də Almaniyanın Köln şəhərində “Ənənə və emansipasiya arasında-Şərqi Avropanın qadınları Azərbaycan qadını nümunəsində” mövzusunda müsahibə, musiqi və poeziya axşamı keçiriləcəkdir. Tədbir Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycanın bu ölkədəki səfirliyinin, Köln şəhər bələdiyyəsinin mədəniyyət şöbəsinin və GEDOK təşkilatının dəstəyi ilə təşkil edilir.
Mərasim Köln şəhəri bələdiyyəsinin mədəniyyətlərarası əlaqələr şöbəsinin müdiri Yohannes Bunk və AAKM-in icraçı direktoru Samira Patzer-İsmayilovanın çıxışı ilə başlanacaqdır. Tədbiri VDR teleradio şirkətinin əməkdaşı, jurnalist Annette Hager aparacaqdır. Birinci hissədə “Azərbaycan qadını öz gözü ilə və Avropa kontekstində“ mövzusu ətrafında diskussiya olacaqdır. İkinci hissədə isə “Azərbaycan” qəzetinin incəsənət və mədəniyyət şöbəsinin müdiri, yazıçı Flora Xəlilzadə və DİDK-nin “Ölkəm” jurnalının baş redaktoru, yazıçı Günel Rzayeva Azərbaycan qadınının bu günü ilə bağlı məruzələr təqdim edəcəklər. Tədbirin “Azərbaycan qadınının ədəbiyyat və incəsənətdə rolu” adlı üçüncü bölümündə GEDOK-un sədri Krista Müller-Sklegelin çıxışı nəzərdə tutulmuşdur. Bununla yanaşı, ədəbiyyatşünas və aktrisa Cudit Genske Azərbaycan ədəbiyyatı nümunələrindən parçalar səsləndirəcəkdir. Pianoçu Elnara İsmayilova Azərbaycan qadın bəstəkarlarından Sevda İbrahimova və Firəngiz Əlizadənin əsərlərini təqdim edəcəkdir.
Tədbirdə, həmçinin, Azərbaycan qadın rəssamları - Marqarita Sokolova-Kərimova və Ofeliya İmanovanın rəsmlərindən ibarət sərgi təşkil olunacaqdır.