Kopenhagendə təşkil olunmuş “İnteqrasiya Günü”ndə azərbaycanlılar fəal iştirak etmişlər
Bakı, 3 iyun (AZƏRTAC). Kopenhagen bələdiyyəsinin nəzdində olan Frederiksberq Kommunası Danimarkada fəaliyyət göstərən səfirlik və cəmiyyətləri iyunun 1-də bu ölkədə keçirilən ənənəvi “İnteqrasiya Günü”nə dəvət etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycanı hər il olduğu kimi, bu il də Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti təmsil etmişdir.
“İnteqrasiya Günü”nün əsas məqsədi Danimarkada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyətlərinin öz dövlətlərinin tarixini, mədəniyyətini və incəsənətini təmsil və təqdim etmələridir.
“İnteqrasiya Günü”ndə iştirak edən xalqlar arasında Azərbaycan torpaqlarını işğal etmiş bədnam qonşumuz Ermənistan təmsilçiləri də olmuşlar.
Tədbirə ilk dəfə qatılan qonşu ölkənin nümayəndələri bir neçə dəfə Azərbaycana qarşı təxribat törətməyə cəhd göstərsələr də, onların bu istəyi baş tutmamışdır. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi başda olmaqla bütün üzvlər soyuqqanlılıq göstərərək düşmənin təxribat əməllərinə imkan verməmişlər. Əksinə, diasporumuzun üzvləri bayram tədbirində danimarkalılara və şəhərin qonaqlarına Azərbaycanın tarixi, mədəniyyəti və işğal olunmuş torpaqlarına dair məlumat verərək onlara kitab və broşürlər paylamışlar.
Danimarkalılara və tədbirin digər iştirakçılarına xüsusi zövq verən isə Azərbaycan şirniyyatları olmuşlar.
Ümumiyyətlə, “İnteqrasiya Günü”ndə Azərbaycana böyük maraq müşahidə edilmişdir. Xüsusilə həmvətənlərimizə turist səfərləri ilə bağlı çoxlu suallar verilmişdir. “Vətən” Cəmiyyətinin üzvləri isə yerli əhalinin və qonaqların hər bir sualını ətraflı, dolğun şəkildə cavablandırmışlar.
Sonda “İnteqrasiya Günü”nün əsas təşkilatçısı Annette Beenfeldt Jensen göstərdikləri fəallığa görə “Vətən” Cəmiyyətinin üzvlərinə təşəkkür etmişdir.