Koreya Respublikasının ümumi borcu 4,3 trilyon dollara yaxınlaşır
Pekin, 5 oktyabr, AZƏRTAC
Koreya Respublikası dövlət, ev təsərrüfatları və korporativ borclarının ümumi məbləği 2019-cu ilin yekun rəqəmlərinə əsasən, tarixi rekord səviyyəyə - 4,3 trilyon ABŞ dollarına yaxınlaşıb.
AZƏRTAC "The Korea Herald" qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin maliyyə komitəsinin hesabatında deyilir. COVID-19 pandemiyasının iqtisadi fəallığa mənfi təsirləri nəticəsində cari ilin sonunda borcun daha da yüksəlməsi ehtimalı ölkədə narahatlıq yaradıb.
Bildirilir ki, rəsmi olaraq dövlət borcu 630 milyard dollar təşkil etsə də, parlamentin maliyyə komitəsi dövlət orqanlarının saxlanması xərclərini, habelə hərbçilərə və dövlət qulluqçularına pensiya ödənişləri üçün cəlb olunan vəsaitlər də daxil olmaqla bu rəqəmin 1,9 trilyon dollar təşkil etdiyini açıqlayıb.
Dövlət borcunun hər bir vətəndaşın payına düşən hissəsi təxminən 12 min dollar təşkil edib. On il bundan əvvəl bu rəqəm 6200 dollar təşkil edirdi. Dövlət borcu ümumi daxili məhsulun 38 faizini təşkil edib.
Proqnozlara görə, hazırkı Prezident Mun Ce-inin hakimiyyətə gəldiyi 2017-ci ildən 2022-ci ilədək Koreyanın dövlət borcunun üzərinə 360 milyard dollar əlavə olunacaq. Amma Asiyanın 4-cü ən böyük iqtisadiyyatına malik Koreyanın təkcə dövlət borcunun deyil, ev təsərrüfatlarının borclarının və korporativ borcların (hərbçilərə və dövlət qulluqçularına təqaüdlərin ödənilməsinə sərf olunan vəsaitlərdən yaranan borc) da çoxalacağı güman olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin