SİYASƏT
Korsikalılara ayrı-seçkilik göstərən Fransa başqa dövlətlərə insan hüquqlarından dərs keçə bilməz

Bakı, 17 yanvar, AZƏRTAC
Tarix boyu heç vaxt milli-etnik zəminli problemlər və münaqişələrlə üzləşməyən Azərbaycan bu gün bir çox güclər tərəfindən milli ayrı-seçkilik, diskriminasiya siyasəti həyata keçirməkdə, eyni zamanda, hansısa etnik qrupun hüquqlarının pozulması istiqamətində beynəlxalq hüquqa qarşı zidd davranışlar nümayiş etdirməkdə ittiham olunur. Tarixin ironiyasıdır ki, bu ittihamı səsləndirən əsas tərəflərdən biri bütün tarixi boyu bir çox millətlərə, etnik toplumlara qarşı ciddi ayrı-seçkilik həyata keçirən Fransa dövləti və onun rəsmiləridir. Çox maraqlıdır ki, öz ölkəsi daxilidə Korsikanın aborigen əhalisi olan korsikalıların 200 ildən artıq bir dövrü əhatə edən azadlıq hərəkatını separatizm kimi dəyərləndirən Fransa və onun rəsmi şəxsləri Azərbaycanın Qarabağ bölgəsində yaxın keçmişimizdə bu əraziyə gətirilən ermənilərin hüquqlarının müdafiəsini insan hüquqları, beynəlxalq hüququn prinsiplərinin qorunması kimi təqdim etməyə çalışır, ölkəmizin daxilindəki separatizmə dəstək verirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O qeyd edib ki, Fransa Azərbaycan daxilində separatizmə dəstək vermək, Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün möhkəmlənməsinə zərbə vurmaq əvəzinə öz daxilindəki proseslərə bir daha diqqət yetirsin. 1768-ci ildə müstəqilliyinə son qoyaraq işğal etdiyi Korsikanın əhalisini elementar insani hüquqlarından məhrum etdiyini bir daha nəzərdən keçirsin, onların insani hüquqlarını tanısın. Ən azı bu günə qədər onların vətəndaşlıq pasportunda millətini korsikalı deyil fransalı kimi qeyd etmək məsələsini nəzərdən keçirərək, onların milliyyətinin unudulmasına istiqamətlənmiş siyasətini dəyişsin. Korsikalıların elementar hüquqlar uğrunda apardığı mübarizəni qəbul etsin. 2000-ci illərin əvvəllərində Fransanın rəsmi olaraq korsikalıların parlamentdə təmsilçilik hüququ veriləcək vədinə əməl etsin. Bəlkə ondan sonra Fransa hansısa dövlətin daxilindəki etnik qruplar üçün hüquqlarla bağlı özünü vasitəçi qismində çıxış etməyə mənəvi haqqı olan tərəf kimi hesab edə bilər. İndiki halda isə öz daxilində etnik qrupların ciddi şəkildə hüquqlarını pozan, onların elementar azadlıqlarını əlindən alan bir ölkənin başqa bir dövlətə insan hüquqlarından dərs keçməyə cəhd etməsi, separatizmə dəstək verməsi həmin dövlətin beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, həm də beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
“Ümumiyyətlə, Fransa kimi tarixi bütünlüklə insan hüquqlarının kobud şəkildə pozulması, soyqırımları, müxtəlif etnik faciələrlə zəngin olan bir dövlət Azərbaycan kimi tolerant, çoxkonfessiyalı bir ölkəyə irad bildirməkdə utanmalı, bunu edərkən bir daha dərindən düşünməlidir. Eyni zamanda, özünün və Azərbaycan tarixini bir daha nəzərdən keçirməlidir. Azərbaycan milli, dini, irqi ayrı-seçkiliyin tətbiq edilmədiyi və cəmiyyətdə, xalq səviyyəsində bu prinsiplərin daim qorunduğu ən yüksək inkişaf etmiş dəyərlərə sahib ölkələrdən biridir. İndiki halda Fransa kimi dövlətlərin Azərbaycana belə məsələlərdə irad bildirməsi onun yalnız məkrli siyasətindən, Qarabağdakı erməni separatçılarını və Ermənistanı alət edərək özlərinin Qafqaz, Orta Şərq maraqlarını həyata keçirməsindən xəbər verir. Yəni, burada heç də Fransanın insan hüquqları aşiqliyindən söhbət gedə bilməz. İnsan və millətlərin hüquqlarına və ya separatizmə münasibət heç bir halda selektiv şəkildə tətbiq edilə bilməz. Əyər ermənilərin hüququndan səmimi şəkildə danışırsansa, ilk növbədə, öz daxilində məhdudlaşdırdığın, hüquqlarını əlindən aldığın insanlara qarşı da eyni münasibəti sərgiləməlisən. Yaxud separatizmi qəbul etmək istəmirsənsə öz daxilində, həmçinin digər dövlətlərlə münasibətdə eyni mövqe nümayiş elətdirməlisən. Bu mənada Fransanın davranışı heç də erməni sevgisi, insan hüquqlarına münasibətindən irəli gəlmir. Bu, sırf Fransanın neo-imperalist maraqlarına xidmət edən və Cənubi Qafqazda proseslərə təsir etmək imkanlarını formalaşdırmaq məqsədilə düşünülmüş bir siyasətin nəticəsidir. Təbii ki, bu siyasət indiyədək olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq”, - deyə Anar Əliyev bildirib.