Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir
Bakı, 11 aprel, AZƏRTAC
Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, sənəd parlamentin aprelin 11-də keçirilən plenar iclasında müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti tərəfindən 2021-ci il aprelin 17-də "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" imzalanmış Fərmanla kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.
Bununla əlaqədar olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanun qəbul edilib və sözügedən anlayış, o cümlədən kritik informasiya infrastrukturu, onun təhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı müvafiq müddəalar qanuna əlavə edilib.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin effektiv təmin edilməsi ilə bağlı qanunvericilikdə yeni dəyişikliklər edilməsi zərurəti yaranıb. Layihədə kritik informasiya infrastrukturu obyektlərinin siyahısının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, qanun layihəsində provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi, provayderin təsisçisinin və onun səlahiyyətli nümayəndəsinin, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxsin və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşların Azərbaycan Respublikasının vətəndaşı olması ilə bağlı tələb nəzərdə tutulur.