SİYASƏT
KSENOFOBİYA İLƏ BİRGƏ MÜBARİZƏ APARMAQ LAZIMDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva meriyasında Rusiya paytaxtı hüquq mühafizə orqanlarının əməkdaşları ilə milli icmaların nümayəndələrinin görüşü olmuşdur. Moskva Baş Daxili İşlər İdarəsinin, prokurorluğun və miqrasiya xidmətinin rəhbərliyi ilə görüşə paytaxtın bütün diaspor və ictimai qurumlarının nümayəndələri toplaşmışdılar. Azərbaycan diasporunu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti Tofiq Məlikov və ÜAK-ın Moskva regional bölməsinin sədri İlqar Hacıyev təmsil edirdilər.
İlqar Hacıyev demişdir ki, görüşdə miqrantlara münasibətdə millətçilik və ksenofobiya zəminində aqressiv hərəkətlərə yol verilməsi ilə əlaqədar məsələlər müzakirə olunmuş, belə hallara qarşı görülən əks-tədbirləri əlaqələndirməyin vacibliyi vurğulanmışdır. Kifayət qədər açıq və ətraflı söhbət əsnasında bütün diasporların nümayəndələri belə faktlarla bağlı narahatlıq keçirdiklərini vurğulamış və paytaxtın hakimiyyət orqanlarını bu bəla ilə mübarizədə səyləri fəallaşdırmağa çağırmışlar. İlqar Hacıyev demişdir: “Diasporların nümayəndələri milli zəmində çox vaxt xuliqanlıq halları kimi qiymətləndirilən eyni xarakterli cinayətlərlə əlaqədar istintaq hərəkətləri zamanı ikili standartların tətbiqinə yol verməməyi tövsiyə etmişlər. Şəxsən mən BDİİ yanında İctimai Şuraya və Moskva meriyasına belə işlərin faktların təhrif olunmasına yol verməyərək diqqətlə izlənilməsini tövsiyə etmişəm”.
ÜAK-ın Moskva regional bölməsinin başçısı bildirmişdir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri diaspor qurumları ilə səylərin birləşdirilməsi ideyasını dəstəkləmiş və müəyyən qüvvələrin çox vaxt öz qərəzli məqsədləri üçün istifadə etdikləri gənclərin tolerantlıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulamışlar. İ.Hacıyev demişdir: “Bu müşavirə göstərmişdir ki, Moskva hökuməti bu işlə məşğul olmaq istəyir və bunu bacarır. Bizim tövsiyələrimiz isə heç də asan olmayan bu işdə onlara kömək edəcəkdir”.