Külli miqdarda malların gömrük sərhədindən gizlədilərək keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 6 mart, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, HNBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Çin Xalq Respublikasından yük təyyarəsi ilə göndərilən brutto çəkisi 9935 kiloqram olan geyim əşyaları gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən müvafiq gömrük bəyannaməsi ilə “şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar” adlı mal sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında bəyan edilib.
Həmin yük buraxılış mərhələsindən keçdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq mallara Bakı Karqo Terminalında təkrar yoxlama keçirilib.
Təkrar yoxlama zamanı, bir ədəd bağlamada olan 80 qadın gödəkçəsindən 20 ədədinin içərisində xüsusi qaydada gizlədilmiş, gömrük orqanına düzgün bəyan edilməmiş 20 ədəd qadın xəz kürkləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.