CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-250, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunmuşdur. Məntəqədə su sərfi saniyədə 135 kubmetr olmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 407, Şirvanda 287, Salyanda 253, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 174 santimetrdir.