Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 40 santimetr azalıb
Bakı, 25 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara çaylarında 50-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 300 kubmetr olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 250 kubmetr təşkil etməklə ongünlük normanın 62 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 163 kubmetr təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.
İyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 22, Salyanda 40, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 30 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 (2017-ci il iyunun 25-də 428 santimetr), Şirvanda 243 (2017-ci il iyunun 25-də 301 santimetr), Salyanda 155 (2017-ci il iyunun 25-də 209 santimetr), Bankədə 177 (2017-ci il iyunun 25-də 201 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2017-ci il iyunun 25-də 133 santimetr) təşkil edir.