Kürdəmirdə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib
Kürdəmir, 15 iyul, AZƏRTAC
Kürdəmirdə Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümü münasibətilə rayon gənclər və idman idarəsinin və regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN xidmət” mərkəzində açıq havada təşkil olunan bilik yarışının açılışında öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan gənclərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənclərə yarışın keçirilmə qaydaları haqqında ətraflı məlumat verilib.
Olduqca maraqlı keçən bilik yarışında “Kür” komandası I yerə, “Omeqa” komandası II yerə , “Mübariz” komandası isə III yerə layiq görülüblər.
Yarışda qalib olan komandalara rayon gənclər və idman idarəsinin diplomları verilib.