Küveyt qəzeti: “Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı”
Bakı, 15 may, AZƏRTAC
Küveytin böyük oxucu auditoriyasına malik gündəlik “Əl-Ray” qəzetində “Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı” sərlövhəli məqalə dərc edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.
Məqalədə qeyd edilir ki, əsrarəngiz gözəllik diyarı olan, dünyanın 11 iqlim qurşağından doqquzunun mövcud olduğu Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etmiş keçmiş Sovet İttifaqı respublikalarından biridir. Həyatın bütün sahələrində yüksəlmək üçün mübarizə aparan, Asiya qitəsinin strateji nöqtələrindən biri olan bu ölkə qədim sivilizasiyaya və tarixə malikdir.
Böyük tarixi və qədim mədəniyyəti özündə birləşdirən Azərbaycanda 6 mindən çox tarixi və memarlıq abidəsi var. O, Böyük İpək Yolunun bir hissəsi kimi uzun zaman Asiyadan Avropaya uzanan ticarət marşrutlarında mühüm rol oynayıb. Şəki şəhərində yerləşən Xan Sarayı, Naxçıvandakı Möminə Xatun Türbəsi, ölkənin müxtəlif şəhərlərindəki tarixi məscid və minarələr, körpü və qalalar nadir tikililərdir. Bu qədim tarixi abidələrdə unikal əl işlərindən, rəngarəng qrafikalardan istifadə olunub.
Müəllif ətraf mühitin mühafizəsindən söz açaraq qeyd edir ki, bu məqsədlə Azərbaycan hökuməti tərəfindən xüsusi proqram hazırlanıb. 2001-ci ildən başlayaraq bu istiqamətdə tədbirlər daha da gücləndirilib və ətraf mühitin qorunması məqsədilə dövlət büdcəsindən xüsusi vəsait ayrılaraq 7 böyük qoruq yaradılıb. Bundan sonra turizm Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsinə çevrilib və ölkə rəhbərliyi üçün prioritet sahələrdən hesab olunur. Böyük təbii və mədəni turistik məntəqələrə malik Azərbaycanda turizmin inkişafına çoxlu sərmayə yatırılıb.
Azərbaycanın təhsil sistemində aparılan struktur dəyişikliklərdən bəhs edən müəllif yazır ki, müstəqillik əldə edildikdən sonra, sovetlər dövründə qadağan olunmuş dini təhsil bərpa olunub. Azərbaycanlılar ana dili ilə yanaşı, rus və ingilis dillərində də təhsil almaq imkanına malikdirlər. İmtahanlarda yüksək bal toplayan tələbələr dövlət hesabına oxuyur, əlavə təqaüd alırlar.
Məqalədə qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri təmizliyi və gözəlliyi ilə fərqlənir. Şəhərdə təmizlik işləri gecə yarısından başlayaraq səhər saat 5-dək davam edir, parklarda isə bu iş bütün gün ərzində aparılır. Dünya şöhrətli memar, mərhum Zaha Hadidin layihəsi ilə inşa edilən Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunəsidir və Bakıya xüsusi yaraşıq verir.
Azərbaycanda “Baku Sun”, “Azeri Times” kimi bir çox ingilis dilli qəzetlər nəşr olunur. Eyni zamanda, ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün bələdçi rolunu oynayan jurnallar da çıxır. Bakıda bir çox muzeylərin və tarixi abidələrin, eyni zamanda müxtəlif dillərdə çap olunmuş miniatür kitablar muzeyinin mövcudluğu bu ölkədə mədəni irsin və adət-ənənələrin qayğı ilə qorunub saxlanıldığını göstərir. Qobustandakı tarixi qoruq isə açıq səma altında muzeydir. Azərbaycanlı alimlər 1938-ci ildə burada tunc dövrünə aid olan insan məskəni aşkarlayıblar. Qobustanda insanların qədim yaşayış tərzini və əmək fəaliyyətini əks etdirən 4 minədək qayaüstü rəsmlər var.
Müəllif sonda xüsusi vurğulayır ki, Bakı şəhərində Azərbaycanın qədim adı olan “Odlar Yurdu”nu simvolizə edən yanar dağ mövcuddur. Dağa yaxınlaşdıqca yerdən çıxan qazın yanması nəticəsində havaya yüksələn alov dillərinin yaratdığı qeyri-adi mənzərənin şahidi olursan.