Küveytin “Əl-Nahar” qəzeti: “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir”
Bakı, 11 may, AZƏRTAC
Küveytin ərəb dilində nəşr edilən gündəlik “Əl-Nahar” qəzetində “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” sərlövhəli geniş məqalə dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ulu Öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxararaq regionun, hətta dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil etməsi, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilib. Ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rolu vurğulanaraq Sovet İttifaqı Siyasi Bürosunda yeganə müsəlman lider olan Heydər Əliyevin ərəb və İslam dünyasının dostu kimi ərəb dünyasının problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.
Məqalədə ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi qeyd olunub.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizənin, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsinin müstəqil dövlətçiliyə ağır zərbələr vurduğu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verdiyi bildirilib. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyinin böhran və məhv olmaq təhlükəsi qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsi və parçalanma həddinə gətirildiyi, belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladığı vurğulanıb.
Məqalədə, həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, əvvəlcə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanıb.
Müəllif Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu, Ümummilli Liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər Sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana Vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu qeyd edilib. Bu gün Azərbaycanın ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf dinamikasında heç bir zaman əldə etmədiyi yüksəlişlərlə irəlilədiyi diqqətə çatdırılıb. Respublikamızın Prezident İlham Əliyevin uzaqgörən və müdrik xarici siyasəti nəticəsində iqtisadi və demokratik islahatlar sahəsində regionun lider dövlətinə çevrildiyi, ölkəmizin bu gün regionun bir çox məsələlərində həlledici rol oynadığı, öz uğurlarının və sərvətlərinin bəhrəsini əməkdaşlıq etdiyi ölkələrlə də paylaşdığı vurğulanıb.