Kvemo Kartli Borçalıdan olan Azərbaycan nümayəndə heyəti Tallinndə inteqrasiya məsələlərini müzakirə edib
Tallinn, 23 avqust (AZƏRTAC). Avqustun 22-də Gürcüstanın Kvemo-Kartli Borçalıdan olan Azərbaycan nümayəndə heyəti Estoniya Respublikası DİN yanında fəaliyyət göstərən “Bizim adamlar” İnteqrasiya və Miqrasiya Fondunun dəvəti ilə Tallində olub.
Nümayəndə heyətinin tərkibinə “Shaumiani CEC” QHT-nin başçısı Mixail Xarazişvili, Gürcüstanın Gənc Azərbaycanlılar İttifaqı QHT-nin fəal üzvü, Gürcüstan ombudsman aparatı yanında “Milli Azlıqlar Şurası”nda təhsil problemləri üzrə mütəxəssis Leyla Məmmədova, “Mtredi” Demokratik İttifaqının nümayəndəsi Səbinə Talıbova, Marneuli Gənclər Mərkəzinin üzvü Emin Əhmədov daxil idi.
Fondun rəhbərliyi ilə görüşdə inteqrasiya proseslərinin xüsusən Gürcüstan cəmiyyətində inkişafına kömək məsələləri müzakirə edildi. Fondun nümayəndələri milli azlıqların öz milli bənzərsizliyini qoruyub saxlamaq və inkişaf etdirməklə bərabər, ölkənin sosial, siyasi, iqtisadi və mədəni həyatına daha fəal inteqrasiyası məsələlərinə dair təcrübə mübadiləsi apardılar.
Elə həmin gün “Lovenrux” konfrans zalında Estoniyanın Azərbaycan diasporunun Gürcüstan nümayəndə heyəti ilə görüşü oldu. Görüşdə Estoniya parlamentinin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun sədri Eldar Əfəndiyev, Tallinin keçmiş meri Xardo Aasmyaye, Nizami Hacıyev başda olmaqla Azərbaycan diasporunun üzvləri iştirak etdilər. Sərbəst diskussiya zamanı qeyd edildi ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz ana dilini və doğma mədəniyyətini qoruyub saxlamaqla bərabər, ümumi dəyərlərə yiyələnməli və vətəndaş cəmiyyətinin həyatında fəal iştirak etməlidirlər.
Qonaqlara xatirə hədiyyələri təqdim edildi.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn