Lənkəranda "20 Yanvar – Azadlığa gedən yol" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Lənkəran, 20 yanvar, İlkin Adıyev, AZƏRTAC
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilən 20 Yanvar faciəsindən 36 il ötür. Ümumxalq Hüzn Günü kimi qeyd olunan bu tarix hər il ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da böyük ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı şəhər icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri əvvəlcə Lənkərandan olan Milli qəhrəmanların abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Ziyarət zamanı abidə önünə və şəhid məzarları üzərinə tər güllər düzülüb.
Sonra rayon rəhbərliyi, yerli qurumların rəsmi nümayəndələri, idarə və müəssisələrin təmsilçiləri Lənkəran Dövlət Dram Teatrında nümayiş etdirilən “20 Yanvar – Azadlığa gedən yol” adlı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıyadək endirilib, mədəniyyət, təhsil, səhiyyə və digər sahələr üzrə qurumlarda silsilə anım tədbirləri, kitab və rəsm sərgiləri təşkil olunub.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.