REGİONLAR
Lənkəranda vaksinasiyanın gedişi və erkən nikahlarla bağlı məsələlər müzakirə edilib
Lənkəran, 12 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edənlər koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə, o cümlədən Lənkəran rayonunda həyata keçirilən peyvənd kampaniyasının gedişindən, bu kampaniyanın uğurla başa çatdırılması üçün ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin üzərinə düşən vəzifələrdən danışıblar.
Müşavirədə, həmçinin erkən nikah problemi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Çıxış edənlər bu məsələnin aktuallığını qeyd edərək, erkən nikahların qarşısının alınması məqsədilə vaxtaşırı olaraq profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Həmçinin yazın gəlişi ilə əlaqədar kənd və qəsəbələrdə, şəhər ərazisində yaşıllaşdırma işlərinə diqqətin artırılması, yol kənarlarında həmişəyaşıl ağac və gül kollarının əkilməsi, yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı təkliflər verilib.
Onlayn tədbirdə ərazi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, həmçinin evdə müalicə alan yaralı qazilərə xüsusi qayğı ilə yanaşılması, onların problemlərinin həllinin diqqətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib.