Lerikli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər
Lerik, 12 mart (AZƏRTAC). Martın 12-də Lerik rayon mədəniyyət evində rayon qadınlarının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların həyatımızın bütün sahələrində fəallığı artmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ailələrin, qadınların və uşaqların həyat səviyyəsinin yüksəldilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür.
Bildirilmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da qadınlar dövlətin yaratdığı imkanlardan yararlanırlar. Lerikli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər
Rayon əhalisinin 50,2 faizini təşkil edən qadınlar icra və məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında, elm, təhsil, səhiyyə, mədəniyyət, biznes qurumlarında, bir sözlə, bütün sahələrdə təmsil olunurlar.
Lerikli qadınlardan 1 nəfəri “Əməkdar Həkim”, 1 nəfəri “Əməkdar Müəllim” fəxri adına layiq görülmüş, 2 nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Respublikanın ali təhsil müəssisələrinə qəbul olunan lerikli qızların sayı ilbəil artır. 2012-ci ildə onların sayı 23 nəfər olmuşdur. Sevindirici haldır ki, onlardan 1 nəfəri-Vizəzəmin kənd tam orta məktəbinin məzunu Nərmin Əmirova ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə çıxış edən Milli Məclisinin deputatı Elmira Axundova bildirmişdir ki, iyunun 14-də Azərbaycan qadınlarının IV qurultayının keçirilməsi planlaşdırılmışdır. Əvvəlki qurultaydan ötən 5 il ərzində Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür.
Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsidir.
Ölkədə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir. Sevindirici haldır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir.
Toplantıda çıxış edən rayon qadınlarının nümayəndələri ötən müddət ərzində dövlət qadın siyasətinin icrası istiqamətində görülmüş işlərdən söhbət açmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Konfransda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.
Sonda konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.