Levan Davitaşvili: Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edirlər
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq strateji məhsul olan fındıq istehsalı sahəsində də genişlənir və inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Zuqduqi bölgəsində keçirilən “Fındıq Festivalı”nda (Txiloba 2020) səsləndirilib.
Festivalın açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Sərxan İsmayılov, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazgan və digər şəxslər iştirak ediblər. Gürcüstanda kənd təsərrüfatı sahəsində çalışan şirkətlər festival çərçivəsində öz məhsullarını nümayiş etdiriblər. Sərgidə Azərbaycan şirkəti də təmsil olunub.
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya festivalın açılış mərasimində çıxış edərək ölkəsinin iqtisadi inkişafı, bu sahədə regional və qlobal əməkdaşlıq imkanları barədə məlumat verib. O, hökumətin kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirdiyi, fermerlərə hər cür şərait yaradıldığını, onlara güzəştli şərtlərlə dizel yanacağının verildiyini xüsusi qeyd edib.
Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi naziri Levan Davitaşvili isə dünya bazarında fındıq məhsuluna olan tələbatdan danışıb, ölkəsinin fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Bildirib ki, keçən il Türkiyənin Ordu şəhərində üç ölkənin kənd təsərrüfatı nazirlikləri arasında strateji əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Sənədə əsasən, Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edirlər. Hazırda bu əməkdaşlıq daha da genişlənib, hər üç ölkə fındıq emalı və ixracında fəal iş birliyi qurublar.
Nazir, Azərbaycan və Türkiyə ilə iqtisadiyyatın, xüsusən də kənd təsərrüfatının digər sahələrində də sıx əməkdaşlıq edildiyini və bunun da tərəflərə çox böyük səmərə verdiyini xüsusi qeyd edib.
Sərxan İsmayılov AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan bu gün regional əməkdaşlıq sahəsində çox fəal iştirak edir. Ölkəmiz təkcə neft-qaz sahəsində deyil, digər sahələrdə də regional layihələr həyata keçirir və böyük uğurlar qazanır. Bu layihələrdə qonşu dövlətlərin iştirakı region xalqlarının rifah halının yaxşılaşmasına xidmət edir.
“Zuqduqidə keçirilən festivalda Azərbaycanın adının xüsusi qeyd olunması bunu bir daha sübut edir”, - deyə o vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi