Leyla Həsənova: İqlim dəyişmələri üzrə ikinci Yay Düşərgəsində yeni startap layihələri müzakirə olunur
Bakı, 30 avqust, AZƏRTAC
Tədris prosesində innovasiyaların tətbiqi çox vacibdir. İqlim dəyişmələri üzrə ikinci Yay Düşərgəsinin əsas üstünlüklərindən biri də odur ki, tədris prosesində yeni innovativ metodlara üstünlük verilir. Məqsəd yalnız ənənəvi təlim-tədris proqramı keçmək deyil, həm də gənc müəllimləri yeni yanaşmalar və texnologiyalarla tanış etməkdir. Burada, həmçinin yeni startap layihələri də müzakirə edilir. Bu layihələr gələcəkdə həm gənc müəllimlərə, həm də digər iştirakçılara öz karyeralarını inkişaf etdirməkdə əhəmiyyətli dəstək göstərəcək.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova deyib.
“İqlim dəyişmələri üzrə ikinci Yay Düşərgəsinə bu il Şamaxı şəhərində reallaşdı. Ötən il biz eyni düşərgəni Bakı şəhərində 35 ölkədən 75 gənc müəllimin iştirakı ilə keçirmişdik. Həmin uğurlu təcrübənin nəticəsi olaraq bu il də Yay Düşərgəsinə start verdik. Yay Düşərgəsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu proqram gənc müəllimlər üçün təşkil olunur. Məqsəd xarici ölkələrdən gələn gənc müəllimlərə burada iqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar barədə dəyərli bilikləri təqdim etmək ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra həmin bilikləri məktəblilərə, universitet tələbələrinə tədris etsinlər”, - deyə L.Həsənova əlavə edib.
Ötən il keçirilən düşərgə ilə builki düşərgə arasındakı fərqlər barədə bəhs edən Leyla Həsənova bildirib ki, müqayisədə ciddi fərq yoxdur. “Kurikulum və proqram eyni saxlanılıb. Ötən il Bakıda keçirilən tədbirdə 75 gənc müəllim iştirak etmişdi. Bu il isə 48 gənc müəllimi bir araya topladıq. Daha kiçik komandalarla işləmək iştirakçıların öyrənmə prosesini daha effektiv edir.
COP29 və COP30 kontekstində Yay Düşərgəsinin rolunu qeyd edən L.Həsənova deyib: “COP29-a hazırlıq çərçivəsində ötən il keçirilən düşərgə mühüm nailiyyətlərdən biri idi. Bu il isə COP30 yolunda bu düşərgənin rolu daha da önəmlidir. Ümumiyyətlə, COP sammitləri hər il keçirilir və COP30-a gedən yolda bu Yay Düşərgəsi gənc müəllimlər üçün yeni biliklər və təcrübə qazandıraraq prosesə əlavə dinamika gətirir. Bizim üçün ən vacib məsələlərdən biri odur ki, daha çox insan maariflənmiş olsun. Azərbaycan sədrliyinin əldə etdiyi uğurlar və nailiyyətlər gənc müəllimlər vasitəsilə müxtəlif ölkələrdə gənc nəslə ötürüləcək. Bu, COP30-a hazırlıq prosesində mühüm amillərdən biridir. Çünki COP30 zamanı yenidən dövlət başçıları və yüksəksəviyyəli rəsmilər bir araya gələrək iqlim üzrə təhsili müzakirə edəcəklər”.