Leysan xarakterli yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 7-dən 9-dək ölkə ərazisində yağan intensiv leysan xarakterli yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb. Bəzi dağ çaylarından xüsusən də Balakən-Şəki, Oğuz-Qəbələ, Dağlıq Şirvan, Quba-Qusar rayonlarının ərazilərindən axan bəzi dağ çaylarından sel keçib. Eyni zamanda, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançayda sululuğun kəskin artması Kür çayına da öz təsirini göstərib. Belə ki, Kür çayının aşağı axınında suyun səviyyəsi xeyli artıb. Hazırda da artım davam edir. Yaxın günlər ərzində də çayın Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində də artımın davam etməsi gözlənilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyevin sözlərinə görə, sentyabrın 10-da çaylarda nisbətən sabit sululuq müşahidə olunub, hətta bəzi çaylarda bir qədər azalma müşahidə edilib. Hazırda çaylarda sululuğun nisbətən azalması müşahidə edilir.
Mərkəzin direktoru bildirib ki, sentyabrın 7-dən başlayaraq ölkə ərazisinə soyuq hava kütlələrinin daxil olması və qeyri-sabit, yağıntılı hava şəraiti yüksək dağlıq ərazilərdə qarla müşahidə edilib. Belə ki, Böyük Qafqazın bəzi dağlıq ərazilərində qar yağıb: “Sentyabr ayında yüksək dağlıq ərazilərdə qar yağması hallarına ilk dəfədir rast gəlinmir. Belə ki, əvvəlki illərdə də qar yağması müşahidə olunub. 2016, 207, 2019 və 2021-ci illərdə Quba rayonunun dağlıq ərazilərində qar yağıb”.