Liliya Ananiç: Belarus Azərbaycanı bütün təşəbbüslərdə dəstəkləyir
Minsk, 3 noyabr, AZƏRTAC
Belarus ilə Azərbaycan arasında parlamentlər səviyyəsində əməkdaşlıq həmişə dinamik inkişaf edib.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Nümayəndələr Palatasının insan haqları, milli münasibətlər və kütləvi informasiya vasitələri üzrə daimi komissiyasının sədr müavini, Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbərinin müavini Liliya Ananiç bu barədə jurnalistlərə məlumat verib.
Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev ilə görüşündə iştirak etmiş Liliya Ananiç deyib: “Əməkdaşlıq formalarından biri parlamentlər arasında işçi qruplar formatıdır. Bizdə fəal inkişaf edən siyasi proseslərə təkan vermək lazımdır. Dövlət və hökumət başçıları səviyyəsində tam qarşılıqlı anlaşma var, iqtisadi komissiya fəal iş aparır. Parlamentlərarası qarşılıqlı fəaliyyətin iqtisadi səmərə verməsi çox vacibdir”.
Onun sözlərinə görə, beynəlxalq məkanlarda da münasibətlərimizin saxlanması çox vacibdir. “Belarus ənənəvi olaraq Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir”, - deyən Liliya Ananiç vurğulayıb ki, işçi qrup parlamentlər səviyyəsində humanitar əməkdaşlığın, insani əlaqələrin inkişafının və bütün parlament məkanlarında qarşılıqlı fəaliyyətin təsirli vasitəsidir. Biz bu işin fəallaşdırılmasını öz vəzifəmiz hesab edirik və istərdik ki, ya Minskdə, ya da Azərbaycanda iki işçi qrupun əyani görüşü keçirilsin. Bu barədə danışacağıq.
Liliya Ananiç sonda deyib: “Əminəm ki, Belarus ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsində həm seçkilərin müşahidə edilməsində bizim parlament missiyalarımızın iştirakı formatında, iqtisadi əlaqələrin inkişafı sahəsində toplanmış zəngin təcrübə tətbiq olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev