LİTVA AZƏRBAYCANLA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Vilnüs, 27 avqust (AZƏRTAC). Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, səfir Nairə Şahtaxtinskaya Litva kənd təsərrüfatı naziri Kazimeras Starkyaviçyus ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında münasibətlər, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
K.Starkyaviçyus aqrar sahədə ölkəsinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və kənd təsərrüfatı məhsullarının Azərbaycana ixrac edilməsində maraqlı olduğunu bildirmişdir.
Xatırladaq ki, kənd təsərrüfatı Litva iqtisadiyyatının əsasını təşkil edir. Burada Avropa İttifaqının tələblərinə uyğun istehsal olunan və ən yüksək standartlara cavab verən buğda, taxıl, süd və ət məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilir. Qərbi Avropanın əksər ölkələrində Litva pendiri və digər süd məhsulları istehlakçılara yaxşı tanışdır.
Məlumat verilmişdir ki, cari ilin oktyabr ayında Litva kənd təsərrüfatı nazirinin Azərbaycana səfəri nəzərdə tutulur. Nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı məhsulları istehsal edən iri şirkətlərin rəhbərləri də daxil ediləcəkdir. Səfər zamanı nazir öz azərbaycanlı həmkarı ilə danışıqlar aparacaq, bir sıra nazirliklərdə görüşlər keçirəcəkdir.
Qeyd edək ki, Litva kənd təsərrüfatı naziri Kazimeras Starkyaviçyus ölkə parlamentinin - Seymin üzvüdür. Koalisiya hökumətində hakim partiya olan Vətən İttifaqı xristian demokratlar partiyasını təmsil edir. Seymdə Azərbaycanla dostluq qrupunun fəal üzvlərindəndir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs