DÜNYA
Londonda iranlı jurnalistin bıçaqlanmasında şübhəli bilinən üç nəfər ölkədən çıxıb
![Londonda iranlı jurnalistin bıçaqlanmasında şübhəli bilinən üç nəfər ölkədən çıxıb](/files/2024/1/1200x630/17121441265048831263_1200x630.jpg)
London, 3 aprel, AZƏRTAC
Londonda 36 yaşlı iranlı teleaparıcı Puria Zeraatinin bıçaqlanmasında şübhəli bilinən üç nəfər Böyük Britaniyanı tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
İranlı jurnalist ötən həftə evinin qarşısında bıçaqlanıb. Detektivlər müəyyən ediblər ki, London məhəllələrinin birində iki nəfər Puria Zeraatiyə yaxınlaşaraq onu ayağından bıçaqlayıblar. Onlar daha sonra üçüncü şəxsin idarə etdiyi “Mazda” markalı avtomobillə hadisə yerindən qaçıblar. Avtomobil qısa müddət sonra Yeni Malden bölgəsində tərk edilmiş vəziyyətdə tapılıb.
Polislər bildirib ki, şübhəlilər daha sonra Hitrou hava limanına gedib və Böyük Britaniyanı tərk ediblər.
Jurnalist xəstəxanadan evə buraxılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London