“Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasında iki kitabın və saytın təqdimatı olub
Bakı, 26 noyabr, Salehə Əliyeva, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası üzvlərinin kitablarının və Assosiasiyanın “Luch.az” saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Luç” Assosiasiyasının sədri, Əməkdar Elm Xadimi, professor, filologiya elmləri doktoru, şair Tofiq Məlikli Azərbaycan Yazıçılar Birliyinin strukturuna daxil olan Assosiasiyanın fəaliyyətindən və planlarından söz açıb, kitablarının təqdimatı keçirilən Arif Turanı və Nazim Həsənzadəni təqdim edib.
T.Məlikli bildirib ki, 95 illiyi 2016-cı ildə qeyd ediləcək Milli Azərbaycan Tarixi Muzeyinin yubileyinə həsr olunmuş “Qəlbimin baharı” məcmuəsinə materialların toplanması üçün müsabiqə davam edir.
Bu ilin dekabrında “Natəvan” klubunda fədakar fəaliyyətə, Assosiasiyanın həyatında fəal iştiraka, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin xaricdə təbliğinə görə “Luç” assosiasiyasının təsis etdiyi “Nar” mükafatının təqdim edilməsi mərasimi keçiriləcək.
2016-cı ilin mayında “Luç”un təsis etdiyi daha bir mükafat - ilin “Ən parlaq əsərinə görə” verilən Molla Pənah Vaqif mükafatı təqdim ediləcək.
Məsul katib, publisist, nasir Marina Mürsəlova “Luç” Assosiasiyasının saytının əsas rubrikalarını xatırladaraq bildirib kı, burada Azərbaycan müəlliflərinin əsərləri, assosiasiyanın məqsəd və nailiyyətləri haqqında məlumatlar tapmaq, forumda müsabiqə və diskussiyalarda iştirak etmək mümkün olacaq.
Arif Turanın “Mənim şamım hələ də yanır...” və Nazim Həsənzadənin “Psixiatrın səyahətləri” kitablarının təqdimatında müəlliflərin özləri əsərləri barədə məlumat veriblər.
Arif Turan ixtisasca hüquqşünas və sosioloqdur. Bir neçə lirik şeirlər məcmuəsi, “Köhnə ev” povesti onun qələmindən çıxıb. O, 2012-ci ildə “Luç” Assosiasiyasının “Azərbaycan dəyişən dünyada” beynəlxalq ədəbi müsabiqəsinin “Poeziya” nominasiyasında qalibi olub.
Psixiatr, 100-dən çox elmi məqalənin müəllifi Nazim Həsənzadə elmi mübadilə üzrə proqramlarda iştirak etmək üçün Azərbaycandan ABŞ-a dəvət edilmiş ilk həkim psixiatrdır. 2015-ci ildə onun “Birovuz həyat” adlı ilk kitabı çapdan çıxıb.
Milli Məclisin deputatı, publisist Elmira Axundova təqdimatı keçirilən nəşrlərə münasibətini bildirərək müəlliflərə yaradıcılıq uğurları arzulayıb.
“Sodrujestvo” Ədəbi Birliyinin rəhbəri Raisa Abdullayeva, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru İosif Tkaç A.Turanın və N.Həsənzadənin kitablarından şeirlər və parçalar oxuyublar.