Macarıstan parlamentariləri Ermənistanın təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb
Budapeşt, 14 aprel, AZƏRTAC
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistanın təcavüzkarlıq siyasəti, qoşunların təmas xəttində son günlər törətdiyi təxribat əməlləri barədə məlumatlandırılıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə keçirilən görüşü dostluq qrupunun rəhbəri, parlamentin beynəlxalq əlaqələr komitəsi sədrinin müavini Marton Döndöşü açıb. Azərbaycanın və Macarıstanın tarix və tale yaxınlığından söz açan deputat son günlər regionda baş verən hadisələrdən, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində tələfatlarla müşayiət olunan hərbi qarşıdurmadan narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının Macarıstandan olan üzvü kimi M.Döndöşü bu qurumun müzakirələri çərçivəsində daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.
Səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyəti barədə məlumat verib. Hazırda Ermənistanın işğalı altında olan bütün ərazilərin tarixi Azərbaycan torpaqları olduğu və bunun ən mötəbər beynəlxalq qurumların sənədlərində öz əksini tapdığı vurğulanıb. Diplomat bəzən macar mətbuatının da münaqişə ilə bağlı yanlışlığa yol verdiyini söyləyib, aprelin əvvəlindəki üç günlük müharibənin də işğala məruz qalmış Azərbaycan ərazilərində getdiyini və hərbi əməliyyatların erməni ordusu tərəfindən aparıldığını diqqətə çatdırıb. Ermənistanın işğalçı dövlət olduğunu, üstəlik get-gedə azğınlaşaraq mütəmadi şəkildə atəşkəsi pozduğunu, dinc azərbaycanlı sakinlərin təhlükəyə məruz qaldıqlarını xatırladan səfir yenə də məhz Ermənistan tərəfinin fitnəkarlığı nəticəsində növbəti silahlı qarşıdurma yarandığını, Milli Ordumuzun düşmənə layiqli cavab verdiyini vurğulayıb.
Səfir parlamentlərarası dostluq qrupunun üzvlərindən istər Macarıstan parlamentində, istərsə də üzv olduqları Avropa qurumlarında və digər beynəlxalq təşkilatlarda işğalçı Ermənistan, onun Azərbaycan ərazisində törətdiyi hərbi cinayətlər və xüsusən də Xocalı soyqırımı haqqında obyektiv həqiqətləri səsləndirməyi, haqqın tərəfində dayanmağı xahiş edib.
Daha sonra Vilayət Quliyev dostluq qrupu üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Macarıstan münasibətləri ilə bağlı suallarına cavab verib.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ölkə parlamentində fəaliyyət göstərən nüfuzlu və çoxsaylı qruplardan biridir. Macarıstanın bütün aparıcı partiyalarının nümayəndələri qrupda təmsil olunurlar. Parlamentin vitse-spikeri Şandor Lejak da bu qrupun üzvüdür. Qrup üzvlərindən üçü AŞPA-nın, ikisi isə Avropa Parlamentinin üzvüdür.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt