Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı
Bakı, 7 dekabr, AZƏRTAC
“İnanırıq ki, turnir çox yaxşı keçəcək və gözəl təşkilatçılıqla yadda qalacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, ənənəvi yarışda maraqlı mübarizə gözlədiyini bildirib: “Turnirdə 4 ölkədən tanınmış şahmatçılar iştirak edəcəklər. Yarışa ilk dəfə olaraq gənc şahmatçı Aydın Süleymanlını dəvət etmişik. Turnir rapid və blits növündə vaxt nəzarəti ilə keçiriləcək. Maraqlı mübarizəyə şahidlik edəcəyimizi gözləyirik”.
Azərbaycan şahmatçılarının builki çıxışını da dəyərləndirən M. Məmmədov il sonunun məhsuldar alındığını vurğulayıb: “8-12 yaşlı şahmatçılarımız dünya birinciliyindən Vətənə yeddi medalla qayıtdılar. Bunlardan dördü qızıl idi. Ayan Allahverdiyeva U-18 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ümidlərimizi doğrultdu. Qadın şahmatçılarımız komandalar arasında Avropa çempionatında sonadək qızıl medal uğrunda mübarizə apardılar. Təəssüf ki, udmalı olduğumuz oyunu son anda əldən verdik. Gövhər Beydullayeva və Məhəmməd Muradlı İtaliyanın Sardinya adasında 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında qızıl medal qazandılar. Gövhər həmin yarışda bürünc medal da əldə etdi. İnanıram ki, uğurlu nəticələrimizin davamı 2024-cü ildə də gələcək".