SİYASƏT
Malatyada Ulu Öndərin anadan olmasının 93 illiyi yüksək təntənə ilə qeyd olunub
Bakı, 16 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qardaş Türkiyə Respublikasında geniş miqyasda və yüksək təntənə ilə qeyd olunur. Malatyada keçirilən elmi-praktik konfransda Böyükşehir Bələdiyyə başqanı, İnönü Universitetinin rektoru, türkdilli ölkələrin rəsmiləri, Azərbaycan Milli Məclisinin deputatları və şəhər ziyalıları iştirak ediblər.
Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, doğma xalqına və Vətəninə misilsiz xidmətləri haqqında sənədli filmi izləyiblər.
Çıxışlarda müstəqil Azərbaycanın memarı Heydər Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi, ictimai-siyasi inkişafında əldə olunan uğurlardan, türk dünyasındakı rolundan, böyük siyasətçi və dahi şəxsiyyət olaraq, ölkələrarası əlaqələrin, münasibətlərin, birgə əməkdaşlığın möhkəmləndirilməsində genişmiqyaslı fəaliyyətindən, bu gün onun müdrik ənənələrinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən söhbət açılıb.
Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Naqif Həmzəyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin bütün fəaliyyətinin xalqla, Azərbaycan dövləti ilə bağlı olduğunu, onun ölkəmizin inkişaf strategiyasını müəyyən etdiyini, inkişafın Azərbaycan modelini yaratdığını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. Bu gün onun başladığı gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gəncliyi dəyərli töhfələri ilə Odlar Yurdunu ən yüksək zirvələrə qaldırır.
Konfransın təşkilində və Azərbaycan həqiqətlərinin təbliğində xidməti olan tələbə gənclərə fəxri fərmanlar təqdim edilib.