Malayziyada Beynəlxalq Paralimpiya Komitəsinin təşkilatçılığı ilə pauerliftinq idmanı üzrə Asiya açıq çempionatı keçirilir
Bakı, 6 noyabr (AZƏRTAC). Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin təşkilatçılığı ilə pauerliftinq idmanı üzrə Asiya açıq çempionatı keçirilir.
Gələn ilin aprelində Dubayda keçiriləcək dünya çempionatına lisenziya verən son yarış hesab olunan bu çempionatda 30 ölkədən müxtəlif çəki dərəcələri üzrə 200-dən çox idmançı öz gücünü sınayır. Yarışlarda Azərbaycanı təmsil edən və böyüklərin yarışında ilk dəfə çıxış edən 20 yaşlı Azər Əhməd (65 kq) 153 kiloqram ağırlığı qaldıraraq 5-ci yeri tutmuş və beləliklə, dünya çempionatına lisenziya qazanmışdır.
Yarışda idmançımızı Azərbaycanın Malayziyadakı səfirliyinin əməkdaşları və bu ölkədəki soydaşlarımız dəstəkləmişlər.