Maqadanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Maqadan, 29 may, AZƏRTAC
Maqadan şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilatçısı Maqadan vilayətinin azərbaycanlı nümayəndələrinin “Birlik” ictimai təşkilatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Birlik” təşkilatının sədri Ramil Rəhimov, Azərbaycan diasporunun nümayəndələri, muzey əməkdaşları, jurnalistlər və Maqadan vilayətinin ictimai xadimləri iştirak ediblər. Dəvət olunmuş qonaqlar arasında vilayətin Daxili və İnformasiya Siyasəti Nazirliyinin Milli siyasət idarəsinin rəhbəri Natalya Ştumpf da olub.
Tədbir çərçivəsində Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyində azərbaycanlı jurnalist və tədqiqatçı Fuad Hüseynzadənin 1941–1945-ci illər müharibəsində azərbaycanlıların iştirakına, həmçinin diaspor mühitində tarixi yaddaşın qorunmasına həsr olunmuş “Böyük Qələbənin varisləri” adlı kitabının təqdimatı keçirilib.
Maqadan vilayəti Daxili və İnformasiya Siyasəti Nazirliyi adından F. Hüseynzadəyə millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, tarixi yaddaşın qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfəyə görə təşəkkürnamə təqdim olunub.
Görüş zamanı kitabın bir nüsxəsi Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyinin fonduna təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Maqadan