Maqdalena Anderssonun İsveçin Baş naziri postuna namizədliyi parlamentdə yenidən səsverməyə çıxarılacaq
Stokholm, 26 noyabr, Rauf Əliyev AZƏRTAC
İsveç parlamentinin (Riksdaq) sədri Andreas Norlen yenidən Sosial Demokratlar Partiyasının lideri Maqdalena Anderssonun Baş nazir postuna namizədliyini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, onun hökumət başçısı vəzifəsinə namizədliyi üzrə səsvermə növbəti bazar ertəsi, noyabrın 29-da keçiriləcək.
Cümə axşamı parlament spikeri artıq bütün siyasi partiya liderləri ilə danışıqlar aparıb. Onun sözlərinə görə, onlar çərşənbə günü Baş nazir vəzifəsinə eyni namizədi dəstəkləyirlər.
Xatırladaq ki, noyabrın 24-də İsveçin siyasi həyatında bir neçə əlamətdar hadisə baş verib. Birincisi, Maqdalena Andersson İsveç tarixində Baş nazir vəzifəsinə seçilən ilk qadın olub. Daha sonra həmin gün Riksdağda ölkənin gələn ilin büdcəsi ilə bağlı səsvermə keçirilib və burada sağçı müxalifətin layihəsi qalib gəlib. Hazırkı hökumət koalisiyasına daxil olan Yaşıllar Partiyası daha sonra sağçı partiyalarla razılaşdırılmış büdcə ilə ölkəni idarə etməyi təsəvvür edə bilmədiklərini əsas gətirərək hökuməti tərk etdiklərini açıqlayıb. Yaşıllar Partiyasının addımı öz növbəsində bütün qırmızı-yaşıl koalisiyanın dağılmasına səbəb olub. Bu hadisələr nəticəsində cəmi 7 saat bu koalisiyadan Baş nazir kimi fəaliyyət göstərən Maqdalena Andersson yeni vəzifəsindən istefa verib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm