MARMARA QRUPU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRMİŞDİR
Əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir. Sonra Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin məktubu oxunmuşdur.
Mərmərə Qrupu Vəqfinin sədri doktor Akkan Suver mərasimi açaraq, Heydər Əliyevin türk dünyası, bölgə ölkələri qarşısında və beynəlxalq sülhün bərqərar olması sahəsində xidmətlərindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərində rəhbər tutduğu “bir millət, iki dövlət” fəlsəfəsinin türk dünyasının və bölgənin sabitliyi üçün əhəmiyyətini vurğulamışdır.
Anma mərasimində Azərbaycan Prezidenti Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov çıxış etmiş, professorlar Erol Oral və Hüseyn Hatəmi, keçmiş millət vəkili Şamil Ayrım, sabiq nazir Namiq Kamal Zeybək, yazıçı-jurnalist İrfan Ülkü, Rum patriarxı Bartholomeos xalqımızın dahi oğlu Heydər Əliyev ilə görüşlərini xatırlamış, görkəmli dövlət xadimi kimi onun təkcə Azərbaycanın deyil, bölgənin də tarixində dərin iz qoyduğunu bildirmişlər.
Bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsini reallaşdırmasının əhəmiyyətini vurğulayan natiqlər Azərbaycan-Türkiyə münasibətlərində onun yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və əməkdaşlığın daha da genişləndiyini bildirmiş, Şimali Kiprlə əlaqələr qurulması baxımından görülən işləri yaxşı bir örnək kimi səciyyələndirmişlər. Türkiyə və Azərbaycanın Avrasiya bölgəsində söz və nüfuz sahibi olmasının Heydər Əliyevin ən böyük arzularından biri olduğu xüsusi vurğulanmışdır.