Masallıda cənub bölgəsinin rus dili və ədəbiyyatı müəllimləri üçün seminar təşkil olunmuşdur
Bakı, 24 sentyabr (AZƏRTAC). Masallı şəhərində ölkənin cənub bölgəsi məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri üçün səyyar seminar keçirilmişdir.
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Azərbaycandakı səfirliyinin Təhsil Nazirliyinin və Milli Məclisin deputatı Elmira Axundovanın dəstəyi ilə təşkil etdiyi seminarda RİMM-in nümayəndələri, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Q.Quliyev, Bakının və Sumqayıtın aparıcı rus dili müəllimləri iştirak etmişlər.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi önünə gül-çiçək qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin açılış mərasimində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov çıxış edərək bildirmişdir ki, iki il bundan əvvəl Masallıda belə bir tədbirin keçirilməsi rayonda və ümumilikdə cənub bölgəsində şagirdlərin fəallığının artmasına şərait yaratmışdır. Bu müddətdə rayonun 5 məktəblisi RİMM-in və Rusiya səfirliyinin keçirdikləri rus dili olimpiadalarının qalibi olmuşdur. Onların bir neçəsi Rusiyaya ekskursiya-tanışlıq səfərinə göndərilmiş, orta məktəbləri bu fənn üzrə yaxşı nəticə ilə başa vuran məzunlardan bir qrupu Rusiyanın ali məktəblərinə qəbul edilmişdir.
Seminar çərçivəsində müəllimlərə yeni innovasiya texnologiyalarından istifadə edilməklə məktəblərin Azərbaycan və rus dili bölmələrində rus dili və ədəbiyyatının tədrisinin aktual problemlərinə dair məşğələlər keçirilmişdir.
Tədbirin gedişində professor Q.Quliyevin ali və orta məktəblər üçün nəzərdə tutulmuş “Krona i korni” (“Budaqlar və köklər”) dərs vəsaitinin və professorlar Ç.Bədəlovun və N.Bədəlovanın dördüncü siniflər üçün dərs kompleksinin təqdimatı keçirilmişdir.
Seminarda iştirak edən regionun ümumtəhsil məktəblərinin 50-yə yaxın rus dili və ədəbiyyatı müəllimi belə seminarların tədris prosesinin təşkilinə böyük əməli fayda verdiyini bildirmişdir.