MƏDƏNİYYƏT
Masallıda III Beynəlxalq folklor festivalı başlamışdır VİDEO
Masallı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Masallı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş III Beynəlxalq folklor festivalının açılış mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdirəcəklər.
Beynəlxalq folklor festivalında Azərbaycanı Astara, Balakən, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri təmsil edirlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olmuşdur.
Mərasimdə Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan, qardaş ölkənin Sandıxlı şəhər bələdiyyəsinin sədri Mustafa Öz, rayonun rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında davam etmişdir.
Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olmuşlar.
İyunun 15-də başa çatacaq festivalın yekun konsertində iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunacaqdır.