Masallıda qızlar arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı, 3 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 2-də Masallı şəhərindəki “ASAN həyat” kompleksinin ASAN İntellektual Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rayonun ümumtəhsil məktəblilərinin qızlardan ibarət IX-XI sinif şagirdləri arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
İntellektual bilik yarışında Təzə Alvadı 1 nömrəli tam orta məktəbin komandası birinci, Şərəfə kənd tam orta məktəbinin komandası ikinci, Xıl kənd tam orta məktəbinin komandası üçüncü yeri tutub.
Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıblar.