Masallıda rayon qadınlarının konfransı keçirilmişdir
Masallı, 11 mart (AZƏRTAC). Martın 11-də Masallı şəhərindəki Gənclər mərkəzində Azərbaycan qadınlarının IV qurultayına hazırlıq mərhələsində rayon qadınlarının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda rayon qadınlar şurasının sədri Naibə Aslanova ötən dövr ərzində görülmüş işlər barədə məruzə etmişdir.
Konfransda çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirmişdir ki, iyunun 14-də Azərbaycan qadınlarının IV qurultayının keçirilməsi nəzərdə tutulmuşdur. Qurultaya nümayəndələr seçmək məqsədi ilə ölkənin şəhər və rayonlarında qadınlar şurasının konfransları keçirilir. Konfranslarda 5 il müddətində görülmüş işlərə yekun vurulur və qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Ölkəmizdə, o cümlədən Masallı rayonunda qadınlarla bağlı bəzi problemlərin mövcud olduğunu vurğulayan E.Axundova, azyaşlı qızların erkən yaşda ailə həyatı qurmalarının həm mövcud qanunlara, həm də qadınların sağlamlığına zidd olduğunu bildirmişdir.
Tədbirdə çıxış edənlər rayonun qadınlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, zərif cinsin nümayəndələrinin rayonun ictimai-siyasi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirmişlər.
Toplantıda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.