Masallıda təşkil edilmiş yay düşərgəsinin ikinci günü maraqlı tədbirlərlə zəngin oldu
Masallı, 24 iyul (AZƏRTAC, Bağır Əliyev). Masallı rayonundakı “Viləş” hotelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” yay düşərgəsinin ikinci günü maraqlı tədbirlərlə zəngin oldu.
AZƏRTAC xəbər verir ki, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirlərinin məskunlaşdıqları yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
Düşərgənin ikinci günündə məktəblilər hidrobioloji tədqiqatlar apararaq suyun çirklənmə dərəcəsini təyin etdilər. Bu məqsədlə Vudvisin bioindeks metodundan istifadə olunaraq suda yaşayan onurğasızları təyin edildi, xüsusi cədvəl vasitəsilə çirklənmə dərəcəsi müəyyənləşdirildi.
Günün ikinci yarısında yaxınlıqdakı meşə ərazisinə ekskursiya təşkil olundu. Dəstə üzvləri qruplara bölünərək ərazidəki ağac növlərini, onların yaşını, hündürlüyünü, diametrini və ekoloji vəziyyətini təyin etdilər.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi direktorunun müavini Lalə Dadaşova qeyd etdi ki, bu göstəricilər əsasında insanın təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiri qiymətləndirildi və məktəblilər bəbirin yaşadığı mühitin qorunmasının əhəmiyyətini bir daha dərk etdilər.
Daha sonra iştirakçılar “Gənc ekoloqlar”, “Gənc meşəçilər”, “Gənc zooloqlar” dəstələrinə bölünərək “Bəbirin həyatı” adlı viktorinaya qatıldılar.
Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin əməkdaşı Sevinc Saruxanova qeyd etdi ki, məktəblilər viktorinada bəbirlərin həyat tərzi, yaşadığı ərazilər, azalması səbəbləri və qorunması yolları barədə sualları cavablandıraraq düşərgə müddətində əldə etdikləri bilikləri fəal şəkildə nümayiş etdirdilər.
Sonda viktorina və rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edildi.