CƏMİYYƏT
Masazır gölünə çirkab sularının axıdılması ilə bağlı araşdırmalar davam etdirilir
Bakı, 18 sentyabr, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə istiqamətində mühüm işlər görülür.
Baş Prokurorluğun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisindəki Masazır gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair yayılan məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb. Araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.
ETSN-in və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld ediliblər. Əraziyə Baş Prokurorluğun həmin idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.
Gölün hazırkı ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət daşıyan digər xüsusatların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.