Maşın təlimi alqoritmlərinin proqram təminatının sınağına tətbiqi ilə bağlı tədqiqatlar aparılır
Bakı, 17 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Maşın təlimi alqoritmlərinin proqram təminatının sınağına tətbiqi” mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi Nəzakət Məlikova sınağın əhəmiyyəti, maşın təlimi və süni intellektin sınaqda rolu, bəzi maşın təlimi alqoritmlərinin proqram sistemlərinin sınaqda tətbiqi haqqında məlumat verib.
N.Məlikova avtomatlaşdırılmış sınaqdan bəhs edərək maşın təlimi və süni intellektin güclü avtomatlaşdırma vasitələri olduğunu qeyd edib. Onun sözlərinə görə, ML alqoritmləri prosesin səmərəliliyini və dəqiqliyini artırmaq üçün layihənin xüsusi ehtiyaclarından və məqsədlərindən asılı olaraq proqram təminatının sınaqdan keçirilməsində uğurla həyata keçirilə bilən unikal imkanlara malikdir. Bu imkanlara testin avtomatlaşdırılması, prioritetləşdirilməsi, proqnozlaşdırma testi və s. aiddir.
“Bu gün ML alqoritmləri “Facebook”, “Microsoft” kimi nəhəng şirkətlərin sınaq sistemlərində uğurla istifadə olunur. Bu şirkətlər bir çox digər qlobal təşkilatlar kimi, sınaq da daxil olmaqla, proqram sistemlərinin əsas proseslərini əhatə edən layihələrinə müxtəlif standartlar tətbiq edir və bununla da keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradırlar”.
Sonda N.Məlikova diqqətə çatdırıb ki, bu məlumatlar ML-in proqram təminatının sınaq sənayesinə artan təsirini, həmçinin məhsuldarlıq və dəqiqlikdə əhəmiyyətli təkmilləşdirmə potensialını nümayiş etdirir. Proqram təminatı sistemləri Azərbaycan üçün yüksəkkeyfiyyətli milli proqram təminatının hazırlanması qaydalarının işlənməsi və həyata keçirilməsini zəruri edir.