Matteo Salvini Avropa Parlamentində sağçı qüvvələrin yeni fraksiyasını qurmağa hazırlaşır
Roma, 11 mart, AZƏRTAC
İtaliyanın sağçı-populist “Leqa” partiyası Avropa Parlamentində sağçı düşərgəni öz ətrafında birləşdirəcək yeni fraksiyanın üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı partiyanın rəhbəri, İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvini təsdiqləyib. Məlumata görə, Salvini hazırda Avropa Xalq Partiyası fraksiyasını tərk edən Macarıstanın hakim “FIDES” partiyası və Polşanın hakim “Haqq və Ədalət” (PiS) partiyasının deputatlarını yeni fraksiyaya cəlb etmək istəyir.
“Leqa” partiyasından mətbuata verilən məlumata əsasən, Salvini Marin Le Penin rəhbərlik etdiyi “Milli Cəbhə“ ilə yollarını ayırmayacaq. Bu partiyalar hazırda Avropa Parlamentində Almaniya üçün radikal sağçı Alternativ (AfD) və Avstriya Azadlıq Partiyası (FPÖ) ilə birlikdə “İdentitet və Demokratiya“ fraksiyasında təmsil olunurlar.
İtaliyanın “La Republica” qəzeti M.Salvininin bəyanatına dair məqalədə Salvininin planını konkret fəaliyyətdən daha çox arzu-istək kimi dəyərləndirib. Lakin Avropa Parlamentinə növbəti seçkilər ərəfəsindən yeni fraksiyaların formalaşması istiqamətində iş indidən aparılır və Salvini mümkün qədər ölkədəki partiyalarla əməkdaşlığa can atır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma